BMM-də Ağdaban faciəsinin 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Müraciətdə deyilir:
“Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Tarixən Azərbaycan xalqının başına gətirilən genosid əməlləri tarixin qaranlıq səhifələrindən üzə çıxarılır, barələrəndə açılmış cinayət işləri ilə öz hüquqi dəyərini qazanır. Dünya tarixində özünəməxsus rol oynamış xalqımızın tarixi yenidən yazılaraq beynəlxalq ictimaiyyətə təqdim edilir. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım əməlləri də tarixin açılmamış səhifələrindən biridir.
Belə soyqırım əməllərindən biri də Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağın dilbər guşəsi Kəlbəcərin kənd və qəsəbələrində erməni quldur dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət faktlarıdır. Kəlbəcər rayonunun Ağdaban kəndinin sakinləri bu soyqırım cinayətinin qurbanları sırasında yer alırlar.
Belə ki, 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə erməni quldur dəstələri Ağdaban kənd sakinlərinin başına dəhşətli faciə gətirdilər. Kəlbəcər rayonunun 130 evdən ibarət AĞDABAN kəndi tamamilə erməni seperatçıları tərəfindən yandırıldı, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işkəncələr verildi. 33 nəfər qətlə yetirildi, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırıldı, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi. Bu bir kəndin sakinlərinə tutulmuş amansız və insanlıq adına sığmayan divan idi.
Bu törədilmiş cinayət faktı tarixin elə də uzaq səhifələrində yer almayıb. Faciənin şahidləri bu gün də yaşayırlar. AĞDABAN FACİƏSİ bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri kimi canlı şahidlərin yaddaşında silinməz izlər qoymuşdur. Azərbaycanın gözəl güşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının “Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqrımı bu gün bütün dünya tanımalıdır. Çünki bu faciədə suçsuz qocaların, körpə və qadınların qəddarlıqla güllələnməsi, əsirlərin başının dərisinin soyulması, dırnaqlarının qoparılması, meyitlərin gözünün çıxarılması, qulaqlarının kəsilməsi, bir sözlə insanlığın vəhşicəsinə məhvinə yönəlmiş hərəkətlərin edilməsi faktları bu gün də təzədir.
Biz Kəlbəcər rayonunun Ağdaban kəndinin sakinləri və faciənin canlı şahidləri olaraq buradan bütün dünya dövlətlərinə, dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara səslənirik. Tarixin bu acı səhifəsi haqqında hər bir dünya vətəndaşının məlumatlı olmasını istəyirik. Erməni vəhşiliyinin bütün dünyada tanınmasını istəyirik. Bu məqsədlə dünya dövlətlərini, beynəlxalq təşkilatları, dünya ictimaiyyətini səsimizə səs verməyə çağırırıq”.