Layihə haqqında

  1. LAYİHƏNİN ADI

Ağdaban qətliamının tanıdılması məqsədilə iki dildə www.agdaban.az informasiya mərkəzinin yaradılması

  1. LAYİHƏ NƏDƏN BƏHS EDİR

Layihənin əsas mahiyyəti 1992-ci il aprel ayının 8-də baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri – Ağdaban soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Biz öz həqiqətlərimizi daha innovativ üsullarla dünya ictimaiyyətinə çatdırmağı qarşıya hədəf qoymuşuq.

  1. PROBLEMİN TƏSVİRİ

Ağdaban soyqırımı – 1992-ci il aprel ayının 8-də baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Azərbaycanın gözəl güşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının “Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımdır. Ağdaban soyqırımı – bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işkəncələr verilməsi, yurdundan didərgin salınması ilə nəticələnmişdir. Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murov dağ silsiləsinin cənub ətəyində,rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.Kəndin 460 nəfər əhalisi vardı. Tütünçülük, heyvandarlıq kənd əhalisinin əsas məşğuliyyəti sayılırdı. Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var idi.
Kəndin indiki ərazisində Dəmirçidam kəndinin binəsi olmuşdur. 1905-ci ildə həmin kənddən dəlikli, məmmədli, məhərrəmli, feyzalılar adlı nəsillərə mənsub olan ailələr buraya daimi məskən salmışdır. Kənd də Ağdaban dağının adı ilə əlaqədar olaraq belə adlandırılmışdır. Daban türk dillərində “dağ keçidi” ,“aşırım” mənası daşıyır. Toponim “ağ rəngli aşırım”, “ağımtıl dağ keçidi” mənasındadır. Daban sözü geniş arealda yayılmışdır. Azərbaycanda (Ağdərə, Şərur rayonları) Ağdaban adlı dağlar da mövcuddur. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni seperatçıları tərəfindən hücuma məruz qalmışdır. Kənd bir gecədə tamamilə yandırılmış, kəndin 779 sakininə işgəncələr verilmişdir. İşğal zamanı ermənilər tərəfindən 67 nəfər qətlə yetirilib, 90-100 yaşlı 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 2 nəfər itkin düşüb. Kənd əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişlər.

Təəssüflə qeyd etmək lazımdır ki, xalqımızın başına gətirilən digər müsibətlər kimi bu faciəyə də dünya miqyasında hüquqi qiymət verilməyib. İkili standartlardan doğan bu yanaşmaya daha çevik və interaktiv təbliğatla qalib gəlmək mümkündür. Bu sahədə böyük təcrübəsi olan təşkilatımız “Ağdaban qətliamının tanıdılması məqsədilə iki dildə www.agdaban.az informasiya mərkəzinin yaradılması” layihəsini təklif edir. Hər il aprel ayında erməni terrorçuları türk dünyasına yönəlik “qondarma soyqırım” iddiaları irəli sürməkdədirlər. Ancaq dünya bilməlidir ki, APREL AYINDA ERMƏNİLƏRƏ QARŞI DEYİL, AZƏRBAYCANLILARA QARŞI DƏHŞƏTLİ SOYQIRIM TÖRƏDİLİBDİR. Çox təəssüf ki, bu soyqırım haqqında bir dənə də olsun informasiya resurs mərkəzi yaradılmayıbdır.